TƏBİİ FƏLAKƏT ZONASINDA KOMPLEKS İŞLƏR DAVAM ETDİRİLİR
Saatlı, 25 may (AZƏRTAC). Kür çayının daşması ilə əlaqədar təhlükəli ərazilərdə kompleks tədbirlər davam etdirilir.
Hazırda təhlükə yarana biləcək ərazilərdə əlaqədar orqanların əməkdaşları fasiləsiz fəaliyyət göstərirlər.
Ən gərgin vəziyyət Saatlı, Sabirabad, İmişli rayonları ərazisini əhatə edən Sarısu gölü ətrafındadır.
Saatlı Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlham Quliyevin məlumatına görə, mayın 24-də rayonun Novruzlu və Dəllər kəndləri su altında qalmışdır. Hər iki kəndin əhalisi əvvəlcədən köçürülmüşdür. Hazırda rayonun Nərimankənd, Musalı, Əhmədqasımlı kəndlərinin əhalisinin köçürülməsinə başlanılmışdır. Bu kəndlər də ciddi təhlükə qarşısındadır.
Qeyd edək ki, Sarısu gölünün ərazisi genişlənərək 11 min hektarı keçmişdir. Halbuki gölün daşqından əvvəl ərazisi 8 min hektar təşkil edirdi.
Sabirabadın Muradbəyli kəndi istiqamətində bəndin yarılmasından sonra Sarısu gölündən su kənd ərazisinə axmışdır. Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırovun məlumatına görə, bu rayonun Sarısu gölü ətrafındakı 4 kəndinin əhalisinin köçürülməsi başa çatmışdır.
İmişlinin Allahmədətli, Aşağı Telişli kəndlərinin əhalisi köçürülmüşdür. Hazırda Sarısu gölünün suyu Mil-Muğan kollektoruna axıdılmaqdadır. Ümumiyyətlə, Sarısu gölündə vəziyyətin nizamlanması üçün dövlət səviyyəsində bütün tədbirlər görülür. Əraziyə Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, “Meliorasiya və Su Təsərüffatı” Açıq Səhmdar Cəmiyyətinin texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.
Hacıqabul rayonundakı Meyniman kəndində mayın 24-də yarılmış bəndin bərpası davam etdirilir.
Məlum olduğu kimi, mayın 24-də axşama yaxın Hacıqabul rayonunun Meyniman kəndində Kür çayı bəndi təxminən 80 metr məsafədə yarmışdır. Əhali helikopterlərlə köçürülmüşdür. Daşqın zonasında qalmış insanlar xilas edilmişlər.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun verdiyi məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti qurumların texnikası və canlı qüvvəsi hadisə yerində bəndin bərkidilməsinə cəlb olunmuşdur. Daşqın suyu qarşıdakı boş otlaq sahələrinə axıdılmaqdadır. Mayın 26-dək bəndin bərkidilməsi başa çatdırılacaqdır.