TƏBİİ FƏLAKƏTDƏN ZİYAN ÇƏKƏN İNSANLARA YÜKSƏK SƏVİYYƏLİ SƏHİYYƏ XİDMƏTİ GÖSTƏRİLİR
Şirvan, 3 iyun (AZƏRTAC). Təbii fəlakətdən ziyan çəkən insanlara yüksək səviyyəli səhiyyə xidmətinin göstərilməsi çox vacib məsələdir. Bu məqsədlə Bakıdan yüksək ixtisaslı həkimlərdən təşkil edilən briqadalar fəlakət zonasına ezam olunur. Yaxınlıqdakı tibb müəssisələrində də lazımi şərait yaradılmışdır.
Şirvan şəhər Mərkəzi Xəstəxanasında bu şəhərdəki çadırlarda məskunlaşan sakinlərə xidmət göstərilir. İndiyə qədər 5 min nəfər stasionar şəraitdə müalicə olunmuş, 3 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Onlardan ikisi artıq evə buraxılmışdır. Xəstəxananın uşaq poliklinikasının həkimləri də vaxtaşırı uşaqları müayinə və müalicə edirlər.
Hazırda fəlakət zonasından 14 uşaq xəstəxanada müalicə olunur. Şirvan şəhər Doğum evində isə seldən ziyan çəkmiş 24 ailənin övladları dünyaya gəlmişdir. Körpələrin və anaların vəziyyəti yaxşıdır. Onlar evə buraxılandan sonra da həkim nəzarətində olurlar. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, körpələr bütün dərman, geyim, bez, xüsusi qidalar və arabalarla təmin olunmuşlar.
Hazırda çadır şəhərciyində şəhər Mərkəzi Xəstəxanasının tibb məntəqəsi də fəaliyyət göstərir. Məntəqə əhaliyə ilkin tibbi xidmət göstərməklə yanaşı, dezinfeksiya işləri də aparır.
Şirvan şəhər Mərkəzi xəstəxanasının baş həkimi Murad Salmanov bildirmişdir ki, çadır şəhərciyində şəhərin su basmış ərazilərində, habelə Bayramlı qəsəbəsində dezinfeksiya işləri aparılır. Sevindirici haldır ki, yoluxucu xəstəlik qeydə alınmamışdır.
Səhiyyə nazirinin müvafiq sərəncamı əsasında respublikanın aparıcı klinikalarından psixiatrlar 9 rayona, həmçinin Şirvan şəhərinə ezam olunmuşlar. Bir neçə vaxtdır ki, onlar əhali arasında iş aparırlar.
Şirvan şəhər Müalicə Diaqnostika Mərkəzində də daşqınlardan əziyyət çəkən insanlara yüksək səviyyəli səhiyyə xidməti göstərilir. Hazırda mərkəz gücləndirilmiş iş rejimində işləyir. Çadır şəhərciyinin sakinləri mərkəzdə növbəsiz qəbul olunur və onlara lazımi tibbi xidmət göstərilir.