TƏBİİ FƏLAKƏTİN FƏSADLARI ARADAN QALDIRILMIŞDIR
Bakı, 8 iyun (AZƏRTAC). Son günlər respublikamızda baş verən torpaq sürüşmələri və leysan yağışların fəsadları enerji təsərrüfatından da yan keçməmişdir. Təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılmasında energetiklər də fəal iştirak edir, bu xoşagəlməz nəticələri operativ olaraq aradan qaldırırlar. Onlar həm xidməti ərazilərində istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edir, həm də mövcud hava şəraiti ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Təbii fəlakətin miqyasının genişlənməməsi və onun ağır nəticələrinin aradan qaldırılması üçün ilk gündən Azərbaycan hökuməti zəruri tədbirlər görür. Aidiyyəti rayonların daxili imkanları da bu istiqamətə yönəldilmişdir.
“Azərenerji” ASC-in mətbuat xidmətindən verilən məlumata görə, Daşkəsən Şəbəkə Rayonunda (ŞR) 6 kilovoltluq “Zəylik” hava xəttində torpaq sürüşməsi nəticəsində əyilmiş 4 dayaq bərpa olunmuşdur. Eyni gərginlikli “Nasos” hava xəttində sel sularının yıxdığı 3, “İqamərgah” hava xəttində isə 2 dayaq yenisi ilə əvəz olunmuşdur. 6 kilovoltluq “Bunker” hava xəttində ildırım vurması nəticəsində yanmış 2 və 0,4 kilovoltluq hava xətlərində güclü külək nəticəsində zədələnmiş 12 dayaq yenisi ilə əvəz olunmuşdur.
Gədəbəy şəbəkə rayonunun balansına aid 10 kilovoltluq KRS, “Böyük Qaramurad”, “Əli İsmayıl”, “Nəriman”, “Arıxdam”, “R.Əliyev”, “Şəkərbəy” hava xətlərində güclü külək nəticəsində 63 zədələnmiş dayaqdan 34-ü yenisi ilə əvəz olunmuş, 29-u isə bərpa edilmişdir. Eyni zamanda, 0,4 kilovoltluq hava xətlərində zədələnmiş 56 dayağın 12-si yenisi ilə əvəz edilmiş və 44-ü isə bərpa olunmuşdur.
Samux ŞR-in xidməti ərazisində 10 kilovoltluq “Qədilil” hava xəttində sel sularının yıxdığı 1, “2-ci subartezian” hava xəttində isə 2 dayaq yenisi ilə əvəz olunmuşdur. Eyni gərginlikli “Seyidlər” hava xəttində isə sel sularının yıxdığı 2 dayağı bərpa etmək mümkün olmadığından 14 dayaq basdırılaraq yeni xətt çəkilmişdir.
Təbii fəlakət zonasına aid Göygöl və Şəmkir rayonlarında da fəsadların qarşısı səylə alınmışdır.
Şəbəkələrdə qarşıdan gələn payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində irimiqyaslı tədbirlərin yerinə yetirilməsi də nəzərdə tutulmuşdur.