TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR
Bakı, 21 iyun (AZƏRTAC). Bu ilin aprel-may aylarında baş verən sel və daşqınlar nəticəsində bir sıra bölgələrimizin elektrik enerjisi təsərrüfatına da ciddi ziyan dəymişdir. Hökumət qurumlarının həyata keçirdiyi operativ tədbirlər sayəsində təbii fəlakətin vətəndaşlarımızın həyatı üçün yaratdığı təhlükə aradan qaldırılsa da, maddi itkilərsiz ötüşmək mümkün olmamışdır. Hazırda qarşıda duran vəzifə itkilərin, dəymiş zərərin həcmini müəyyənləşdirmək, o cümlədən təbii fəlakət zonasında enerji təchizatı sistemini sahmana salmaq, ötürücü və paylayıcı şəbəkələrin yenidən qurulmasını təmin etməkdir.
Sel və daşqınların böyük bir hissəsinin Şirvan Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin xidməti ərazisindən keçdiyi üçün şəbəkənin enerji təsərrüfatına da ciddi ziyan dəymişdir.
“Azərenerji” ASC-dən bildirmişlər ki, may ayının ortalarında Kür çayının Sabirabad rayonunun Bayramlı qəsəbəsindən keçən hissəsində bəndin dağılması nəticəsində yaranan sel suları həmin ərazilərdə yerləşən elektrik energetikası təsərrüfatına böyük zərər vurmuşdu.
Rayonun Çənğan və Azadkənd kəndlərini su basması nəticəsində bir sıra yüksəkgərginlikli elektrik xətləri - “Sabirabad”, “Salyan”, “Şirvan” elektrik xətlərinin bəzi dayaqları təhlükəyə məruz qalmışdır. Həmin xətlərin dayaqları suyun içərisində olsa da, enerjinin verilməsi dayandırılmamışdır. Yalnız 710 nömrəli 35 kilovoltluq xətdən su basmış hissələrə enerjinin verilməsi müvəqqəti dayandırılmışdır. Təbii fəlakətə məruz qalmayan ərazilərdə enerji təchizatının dayanıqlığı təmin edilmişdir.
Mayın üçüncü ongünlüyündə Hacıqabul rayonunun Meyniman kəndi istiqamətində bəndin yarılması nəticəsində kəndin bir tərəfində 30-a qədər ev və Xiləmirzə kəndi qısa müddətdə işıqsız qalmışdır. Hazırda bu yaşayış məntəqələrində əhali elektrik enerjisindən fasiləsiz istifadə edir.
Qeyd edək ki, Sabirabadda hələ suyun tam çəkilib qurtarmadığı və əhalinin yaşamadığı kəndlərə elektrik enerjisi verilmir. Sakinlər evlərinə qayıtdıqca elektrik təsərrüfatına baxış keçirilir, hər bir abonentin fərdi qaydada enerji təchizatı bərpa olunur.
“Şirvan” və “Azərbaycan İstilik Elektrik Stansiyası” - “Masallı” elektrik xətlərinin bəzi dayaqları Sabirabadın su basmış ərazilərinə düşür. Həmin xətlər hazırda gərginlik altındadır. Yaşayış məntəqələrindən su çəkildikcə 10 və 6 kilovoltluq xətlər də təmir olunaraq yararlı vəziyyətə gətiriləcəkdir.