Təbrizdə “Xocalı soyqırımı – insanlığa qarşı ağlasığmaz cinayət” mövzusunda konfrans keçirilmişdir
Təbriz, 25 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda “Xocalı soyqırımı - insanlığa qarşı ağlasığmaz cinayət” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda İran rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Məhv edilmiş şəhər” sənədli filmi və “Xocalıya ədalət” musiqili klipi nümayiş etdirilmiş, www.justiceforkhojaly.org İnternet səhifəsinin yeni versiyası barədə məlumat verilmişdir.
Tədbir iştirakçıları “Xocalı soyqırımı” fotosərgisinə baxmışlar.
Xocalı faciəsi barədə məlumat verən baş konsul Əli Əlizadə bildirmişdir ki, erməni millətçiləri zaman-zaman Azərbaycan xalqına qarşı misli görünməmiş cinayətlər törətmişlər. Xocalı soyqırımı bu cinayətlərin ən dəhşətlisidir. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra Xocalı soyqırımını törədənlərin ifşa edilməsi və faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vahid fəaliyyət xətti müəyyən edilmişdir. Xocalı faciəsi beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə və insanlığa qarşı törədilmiş ən dəhşətli tarixi cinayətdir.
Türkiyənin Təbrizdəki baş Konsulu Yunus Belet, Azərbaycanın vitse-konsulu Nağı Hüseynov və digər natiqlər Xocalı soyqırımının dəhşətlərindən bəhs etmişlər. Çıxışlarda dəfələrlə qeyd olunmuşdur ki, Xocalı soyqırımını törədənlər tarix qarşısında öz cəzalarını almalı, dünya birliyi Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən hələ də işğal altında saxlanılmasına göz yummamalıdır.
İştirakçılara “Xocalıya ədalət” rep üslublu musiqili klipin və “Məhv edilmiş şəhər” sənədli filminin elektron variantları, soyqırımı əks etdirən kitab və jurnallar paylanmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz
######
