Tədqiqat: Qadınlar süni intellektin inkişafı prosesindən geri qalmaq riski daşıyırlar
Bakı, 20 noyabr, AZƏRTAC
Qadınların kişilərə nisbətən generativ süni intellekt alətləri ilə işləmə ehtimalının 20% az olduğu və bu amilin onların ən son texnologiyalardan asılı vəzifələrdə işləməsi ehtimalını azaltdığı aşkar edilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, son araşdırmaya görə, qadınlar süni intellekt (AI) səbəbindən iş yerlərinin itirilməsi riski ilə üzləşirlər və onların generativ AI alətlərindən istifadə etməsi ehtimalı kişilərə nisbətən 20% daha azdır.
Britaniyanın “Independent” qəzetinin verdiyi məlumata görə, qadınlara texnologiyadakı irəliləyişlərdən geridə qala biləcəkləri barədə xəbərdarlıq edilir. Kişilərin isə onlara nisbətən bu sahədə iş tapmaq ehtimalının iki dəfə çox olduğu bildirilir.
Araşdırmanın nəticələri göstərir ki, inzibati, mühasibat uçotu, kassir və ofis işçiləri kimi qadınların dominantlığı olan iş yerləri avtomatlaşdırma nəticəsində aradan qalxmağa daha çox həssasdır. “Credera” konsaltinq şirkəti tərəfindən bu yaxınlarda dərc edilmiş “AI - gender fərqi” adlı hesabata görə, qlobal süni intellekt sahəsində çalışan insanların yalnız 22%-i qadınlardır.
Hesabata görə, qadınların texnologiya sahəsinə daxil olmasına kömək etməyə həsr olunmuş sosial müəssisə olan “Supermums” bildirib ki, texnologiyanın sürətli inkişafı fonunda qadınların geridə qalması riski artır. Onun təsisçisi Hizer Blekin sözlərinə görə, xüsusilə anaların süni intellektin yüksəlişində rolu daha az olacaq. “Qadınların bir çoxu, xüsusən də analar süni intellektin yüksəlişindən kənarda qalacaqlar. Şəxsən istifadə etməyimizdən asılı olmayaraq, süni intellekt həyatımızın vacib amilinə çevriləcək, ona görə də onun necə işlədiyini öyrənmək hamımız üçün zəruridir”, -deyə Blek vurğulayıb.