TƏHSİL NAZİRLİYİNDƏ BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyində ABŞ-ın “Dünyaya baxış” təşkilatının xətti ilə nəşr olunmuş “Yuxuların çin olduğu yerdə” kitabının təqdimatı keçirilmişdir.
Beynəlxalq Əlillər günü münasibətilə keçirilən bu tədbirdə həm də əlil uşaqların təlim-tərbiyəsi, təhsili ilə bağlı ölkəmizdə həyata keçirilən proqramlar haqqında söhbət açılmışdır.
Bu tədbirin Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı tərəfindən dəstəkləndiyini diqqətə çatdıran nazir bildirmişdir ki, dövlətimizin başçısının tapşırığı ilə nazirlik tərəfindən sağlamlığı məhdud olan uşaqların təlim-tərbiyə olunduğu müəssisələrin inkişafı ilə bağlı 5 illik proqram hazırlanmışdır.
Nazir, eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən pilot məktəblərdə sağlamlığı məhdud olan uşaqlarla bağlı “Dünyaya baxış” təşkilatının köməyi ilə həyata keçirilən tədbirləri diqqətə çatdırmış, “Yuxuların çin olduğu yerdə” kitabının əhəmiyyətini vurğulamışdır.
ABŞ-ın Bakıdakı səfirinin xanımı Lesli Harniş çıxış edərək Təhsil Nazirliyi ilə birgə Azərbaycanda xüsusi qayğıya ehtiyaclı uşaqlarla bağlı həyata keçirdikləri layihələrdən danışmış və təqdim olunan kitabın yayılmasının vacibliyini söyləmişdir.
Digər natiqlər sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən qayğıdan danışmışlar.
Sonra xüsusi qayğıya ehtiyaclı uşaqların təlim-tərbiyəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.