CƏMİYYƏT
Təki Vətən sağ olsun! VİDEO
Füzuli, 15 iyul (AZƏRTAC). Horadiz şəhərindəki Muğam Mərkəzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid Səməndər Fazil oğlu Kərimova həsr olunan “Ölməzliyə qovuşanlar” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin “Ölməzliyə qovuşanlar” adlı poemasının əsasında hazırlanan mərasimdə əvvəlcə plan-kompozisiya təqdim olunub.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani son vaxtlar Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlardan, ordu quruculuğu sahəsindəki yeniliklərdən danışıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, şəhid və əsgər ailələrinə diqqət və qayğıdan bəhs edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Füzuli rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə minə yaxın füzulili şəhid olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. Füzulili gənclər Azərbaycan Silahlı Qüvvələrində öz əsgəri borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. 2014-cü ilin birinci yarısında minə yaxın füzulili gənc müddətdən artıq hərbi xidmət etmək üçün yenidən ordu sıralarına qayıdıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonra Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “3-cü dərəcəli xidmətdə fərqlənməyə görə medalı” şəhid Səməndər Kərimovun valideynlərinə təqdim olunub.
Şəhidin valideynləri diqqət və qayğıya görə minnətdarlıq edərək, "Təki Vətən sağ olsun!", - deyiblər.
Sonda Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının ifasında “Ölməzliyə qovuşanlar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mərasim əsgər marşının sədaları altında başa çatıb.