TƏKRAR SEÇKİLƏR DEMOKRATİK VƏ ƏDALƏTLİ KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 13-də Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katib Əli Əhmədov YAP-ın mərkəzi qərargahında jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Milli Məclisə təkrar seçkilər baş tutmuşdur, seçicilərin 36,48 faizi, yəni səsvermə hüquqlu 391 mindən artıq vətəndaşın 140 mindən çoxu öz iradəsini azad şəkildə ifadə etmişdir. Seçki prosesini 5 mindən çox yerli müşahidəçi izləmişdir ki, onların da 2 mindən çoxu Yeni Azərbaycan Partiyasının üzvləri idi. Yerli və xarici müşahidəçilərin ilkin rəyləri belə deməyə tam əsas verir ki, təkrar seçkilər Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiqləmişdir. Azərbaycanda seçkiləri maraqla izləyən beynəlxalq təşkilatlar ölkəmizin demokratik ənənələrinin olduğunun, demokratiya yolu ilə getdiyinin bir daha şahidi oldu. Təkrar seçkilərdə də “exit-pol” tətbiq edilmişdir. Səsvermə zamanı baş verən, lakin seçkilərin ümumi nəticələrinə təsir etməyən bəzi qanun pozuntuları barədə partiyadan olan müşahidəçilərin tərtib etdikləri aktlar MSK-ya təqdim olunmuşdur.
Əli Əhmədov təkrar seçkilərdə də, əsasən, YAP üzvü olan namizədlərin qələbə çalacağına inandığını bildirmişdir. O, bunu partiyanın sədri, Azərbaycan Prezdenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənməsi ilə əlaqələndirmişdir.
Partiya sədrinin müavini sonda jurnalistlərin suallarına cavab vermişdir.