TƏLƏBƏLƏR ARASINDA BİRİNCİ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də “Şəfa” stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə birinci Azərbaycan çempionatına start verilmişdir.
Açılış mərasimində dövlət himni səsləndirildikdən sonra AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək Azərbaycanda futbolun tərəqqisi istiqamətində görülən işlərdən danışmışdır. O, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. O, tələbələr arasında keçirilən bu turnirin ölkəmizdə futbolun kütləviliyinə təkan verəcəyinə əminliyini bildirmişdir.
Daha sonra çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda idmanın uğurlu inkişafını, dövlətin bu sahəyə diqqət və qayğısını vurğulamışlar.
Bədii hissə başa çatdıqdan sonra yarışa start verilmişdir. İlk görüş Azərbaycan Tibb Universiteti və Dövlət Neft Akademiyasının komandaları arasında olmuşdur. Azərbaycanın tanınmış futbol veteranı Ələkbər Məmmədov və milli futbol yığmasının baş məşqçisi Berti Foqtsun topa toxunuşu ilə görüş başlamışdır. Oyun Azərbaycan Dövlət Neft Akademiyasının qələbəsi ilə başa çatmışdır - 2:1.
Turnirdə 8 qrupda 32 komanda mübarizə aparır. Qrupda birinci - ikinci yeri tutmuş komandalar səkkizddəbir finala vəsiqə qazanacaqlar.
Final görüşü mayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir.
######
![]() |
![]() |

