Tələbələr arasında “Dəmir yumruq” intellektual müsabiqəsi keçirilir
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində intellektual müsabiqə başlayıb.
AZƏRTAC xəbər verir ki, üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin komandası yarışır.
Müsabiqəyə təşkilati dəstək Vəkillər Kollegiyasının Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan tərəfindən göstərilib.
Tədbirdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov müsabiqənin ölkədə əlamətdar hadisəyə - Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunduğunu bildirib. “Əgər Ulu Öndər olmasaydı, bugünkü Azərbaycanın şahidi olmayacaqdıq. Azərbaycan xalqının dəvəti ilə Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə əmin-amanlıq, bərpa prosesi başladı”,- deyə A.Bağırov qeyd edib.
Azərbaycanda vəkillik institutunun fəaliyyətinə də toxunan Kollegiyanın sədri ölkəmizdə sözügedən institutun müstəqil fəaliyyət göstərdiyini vurğulayıb.
“Heç bir dövlət qurumu vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilməz. Qanunla da bu məsələ həllini tapıb. Hazırda vəkillik fəaliyyəti yeni dövrünü yaşayır, inkişaf edir. Bütün bu işlər Prezident İlham Əliyevin bu sahəyə dəstəyi nəticəsində mümkün oldu”, - deyə A.Bağırov vurğulayıb.
Sonra turnirə start verilib.
Xatırladaq ki, müsabiqənin ikinci mərhələsi dekabrın 16-da, final yarışı isə dekabrın 23-də təşkil ediləcək.
9 komanda beş tələbə olmaqla 90 dəqiqə ərzində 45 test sualı cavablandırılıb. Birinci mərhələnin sonunda komandaların cavabları yoxlanılıb və qaliblər elan edilib.
Beləliklə, 42 bal toplayan Milli Aviasiya Akademiyası birinci yeri tutub. Hərəyə 41 bal yığan Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət İdarəçilik Akademiyasının komandaları ikinci, üçüncü və dördüncü yerlərdə qərarlaşaraq növbəti mərhələyə adlayıblar.
Məlumat üçün bildirək ki, təşkilatçılar Naxçıvan Dövlət Universitetinin komandasının müsabiqədə onlayn iştirakını təmin ediblər.