Tələbələr arasında voleybol üzrə respublika birinciliyinin qalibi müəyyənləşib
Bakı, 8 noyabr, AZƏRTAC
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, təqvim planına şahmat, dama, stolüstü tennis, voleybol və basketbol daxildir.
Qızlar arasında voleybol üzrə yarış Azərbaycan Dəniz Kollecinin idman zalında keçirilib. Fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan Pedaqoji Kollecinin komandası qalxıb.
Bakı 2 nömrəli Baza Tibb Kollecinin təmsilçiləri ikinci, Bakı Humanitar Kollecinin yetirmələri isə üçüncü olublar.