Tələbələr zərərli vərdişlərin mənfi təsirləri barədə maarifləndirilib
Bakı, 6 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Zərərli vərdişləri yox, sağlamlığı seç” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC İSİM-ə istinadla bildirir ki, tədbirin məqsədi gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək, tütünçəkmə, o cümlədən digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərindən söz açmaq olub.
İSİM-in İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova təqdimatla çıxış edərək sağlam həyat tərzinin üstünlüyü, tütünçəkmə, spirtli içki və narkotik maddələrdən istifadənin fəsadları barədə ətraflı məlumat verib. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Könül İsmayılova geniş təqdimatla çıxış edərək, narkotik maddələrdən asılılığın ağır nəticələrini iştirakçıların nəzərinə çatdırıb.
Tədbirdə zərərli vərdişlərin həm sağlamlıq, həm də ətraf mühit üçün mənfi təsir göstərdiyi və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi bir daha vurğulanıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar təqdim olunub.