Tələbələrə Torpaqşünaslıq və Aqrokimya İnstitutu barədə məlumat verilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda gənclərin elmi potensialının artırılması məqsədilə “açıq qapı” günü keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və “Hədəf” Tədris Mərkəzinin şagirdləri institutun kitabxanası, torpaq muzeyi və laboratoriyaları ilə tanış olublar.
Sonra tələbələrin iştirakı ilə keçirilən elmi seminarda institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev rəhbərlik etdiyi elm müəssisəsinin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Professor Sara Məmmədova elmi seminarların tələbələrin gələcək fəaliyyətlərində və onların elmi potensialının artmasında böyük rol oynadığını söyləyib.
Sonra institutun torpaqların meliorasiyası laboratoriyasının rəhbəri Mustafa Mustafayev “Torpaqların şorlaşma prosesi və onlarla mübarizə yolları” mövzusunda məruzə ilə çıxış edib. M.Mustafayev respublikada torpaqlarda şorlaşma və şorakətləşmə proseslərinin yaranma səbəbləri, şorlaşma və şorakətləşmə dərəcələrinə görə arealları, onların yaxşılaşdırılması məqsədilə aqromeliorativ və aqrotexniki tədbirlər sistemlərinin tətbiqinin zəruriliyi haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda respublikamızda şorlaşmış və şorakətləşmiş torpaqlar, onların növləri, yaxşılaşdırılması yollarına aid videoçarx göstərilib.