TƏLƏBƏLƏRİN RESPUBLİKA UNİVERSİADASININ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-də Bakı İdman Sarayında ali məktəblərin tələbələri arasında keçirilən 9-cu Respublika Universiadasının təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən universiadada 26 ali məktəbin tələbələri idmanın müxtəlif növləri üzrə mübarizə aparırlar.
Universiadanın proqramına idmanın cüdo, basketbol, stolüstü tennis, şahmat, dama, həndbol, voleybol, badminton, atletika və üzgüçülük növləri daxil edilmişdir.
“Gənclik” Tələbə-İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev bildirmişdir ki, universiada tələbələrin iyulun 1-dən 12-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək 25-ci Dünya Universiadasına hazırlıq məqsədi daşıyır. Azərbaycan idmançıları bu universiadada taekvando, cüdo, atletika, bədii gimnastika və ritmik gimnastika növləri üzrə mübarizə aparacaqlar.
T.Xanəliyev demişdir ki, “Gənclik” Tələbə-İdman Cəmiyyəti 1993-cü ildən Beynəlxalq Universitet İdmanı Federasiyasının (FİSU) üzvüdür. Azərbaycan tələbələri 1993-cü ildən indiyədək FİSU-nun təşkilatçılığı ilə keçirilən dünya universiada və çempionatlarında iştirak etmiş və 53 medal qazanmışlar. Onlardan 11-i qızıl, 15-i gümüş, 27-si isə bürünc medallardır.
Respublika Universiadasının rəsmi açılış mərasimində AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev idmançılara uğurlar arzulamışlar.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra universiada açıq elan olunmuşdur.
######
