“Təmiz Şəhər” ASC ali təhsil müəssisələrində ekoloji maarifləndirmə işləri aparır
Bakı, 24 oktyabr (AZƏRTAC). “Təmiz Şəhər” ASC qeyri -hökumət təşkilatı olan “EkoReal” ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) biologiya fakültəsində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar keçirmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, seminarda çıxış edən ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması məqsədilə bərk məişət tullantılarının idarə olunmasına sahəsinə dövlət qayğısından danışmışdır. Fakültənin dekanı, professor Yusif Əhmədov isə çıxışında tullantıların səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs etmişdir.
Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev məişətdə əmələ gələn təhlükəli tullantıların utilizasiyası barədə məlumatları tələbələrin diqqətinə çatdırmış, “EkoReal”ın direktoru Telman Zeynalov isə bərk məişət tullantılarının təkrar emalı yollarından söz açmışdır.
“Təmiz Şəhər” ASC-nin ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, İçərişəhər və Qalada həyata keçirilən pilot layihələri haqqında ətraflı məlumat vermişdir.
Seminarın sonunda Balaxanı poliqonunun modernləşdirilməsinə və orada yaradılan yuma-dizinfeksiya məntəqələrinə dair videoçarx nümayiş etdirmişdir.
Qeyd edək ki, ali təhsil müəssisələrində ekoloji maarifləndirmə tədbirləri “Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq aparılır.