“Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının yeni internet səhifəsini istifadəyə vermişdir
Bakı, 5 mart (AZƏRTAC). Ötən ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yeni internet səhifəsi (www.bsp.az) fəaliyyətə başlamışdır. “Təmiz Şəhər” ASC tərəfindən istifadəyə verilmiş internet səhifə ölkəmizdə tullantıların emalı sahəsində ilk sənaye parkının fəaliyyətinin işıqlandırılmasına xidmət edəcəkdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yenicə istifadəyə verilmiş internet səhifəsində sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilmişdir.
Sənaye parkı ilə maraqlananlar internet səhifəsində parkın infrastrukturu və üstünlükləri, bu sahədə qanunvericilik, ölkəmizdə yaşıl biznesin inkişafı sahəsində irəliləyişlər, və ən son yeniliklər haqqında məlumat ala bilərlər.
Həmçinin istifadəçilər sənədlər bölməsinə daxil olaraq sənaye parkının baş planı ilə tanış ola bilərlər.
Habelə, yaşıl biznes sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlar elektron formanı dolduraraq onlayn şəkildə müraciət edə və Balaxanı Sənaye Parkında əlverişli şərtlərlə istehsal sənayelərini qura bilərlər.
Qeyd edək ki, Balaxanı Sənaye Parkı “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən “Təmiz Şəhər” ASC tərəfindən təsis edilmişdir. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesini inkişaf etdirməkdir. Parkın başlıca faydaları bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması olacaqdır.