“Təmiz Şəhər” ASC gəncləri yay məktəbinə dəvət edir
Bakı, 29 may, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü, IDEA kampaniyasının dəstəyi ilə ənənəvi olaraq “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay məktəbi bu il iyulun 18-dən 21-dək ADA Universitetində baş tutacaq.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “0 tullantı” mövzusunda keçiriləcək yay məktəbi tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması və ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədi daşıyır.
Yay məktəbi çərçivəsində gənclər tərəfindən ətraf mühitin qorunmasına töhfə verə biləcək layihələrin reallaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, yay məktəbinin rəngarəng tədbirlər proqramı gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, eləcə də onların intellektual səviyyəsinin artırılmasına imkan yaradacaq.
“Təmiz Şəhər” ASC artıq 5 ildir ki, məktəblilər və gənclər üçün tullantıların idarə olunması və ətraf mühitin qorunması sahəsində müxtəlif mövzularda yay məktəbləri təşkil edir. Şəki, Quba, Lənkəran və Mingəçevir şəhərlərində keçirilmiş yay məktəblərində ümumilikdə 300-dən çox tələbə və gənc iştirak edib.
Bu il yay məktəbinin ADA Universitetində keçirilməsi təsadüfi deyil. Universitet ölkəmizin ən qabaqcıl və innovativ təhsil məkanlarından biridir. ADA Universiteti Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda LEED sertifikatının tələblərinə cavab verən ilk təhsil ocağıdır.
Yay məktəbində iştirak etmək istəyən gənclər mayın 25-dən iyunun 21-dək ww.yaymektebi.tamizshahar.az elektron ünvanındakı ərizə formasını doldurmalıdırlar. Namizədlər siyahısına düşən şəxslər müsahibəyə buraxılacaqlar.
Yay məktəbində iştirak ödənişsizdir. İştirakçıların qida, nəqliyyat və digər xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.