“Təmiz Şəhər” ASC uşaqlar üçün məlumat turu təşkil edib
Bakı, 2 iyun, AZƏRTAC
“Təmiz Şəhər” ASC uşaqların maarifləndirilməsi məqsədilə məlumat turu təşkil edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 193 nömrəli orta məktəbin ibtidai sinif şagirdləri əvvəlcə Balaxanı qəsəbəsində bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarının fəaliyyəti ilə tanış olublar. Uşaqlar tullantıların zavodlara daxil olduqdan sonra hansı proseslərdən keçdiyini, emal və yandırma nəticəsində tullantı kütləsinin tərkibində olan dəyərli material və enerjinin ayrılması və istifadə edilməsinə dair mütəxəssislərdən məlumatlar əldə ediblər. Sonra onlar Qala qəsəbəsindəki Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən 2015-ci ildə yaradılan “Tullantıdan sənətə” muzeyinə səfər ediblər. Burada şagirdlər tullantı materiallarından istifadə etməklə gözəl əl işləri və sənət əsərlərinin yaradılmasının mümkün olduğunu müşahidə ediblər.
Muzeydə nümayiş olunan eksponatlar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Təmiz Şəhər” ASC-nin nümayəndələri uşaqlara tullantılardan təkrar istifadə üçün məsləhətlər veriblər.