Təqaüdçü: Əhalinin elə bir sosial təbəqəsi yoxdur ki, islahatlar ona toxunmasın
Bakı, 11 yanvar, AZƏRTAC
Ötən həftə Prezident İlham Əliyevin əhalinin sosial rifahını yaxşılaşdırmaq barədə Sərəncamını eşidəndə çox sevindim. Hər ilin əvvəlində minimum pensiyanın, eləcə də minimum əməkhaqqının artırılması bu sahədə çox yaxşı bir addımdır. Belə addım atılmasa, inflyasiyanın qabağında duruş gətirmək olmaz. Gərək olanı deyəsən, bunlar hamısı camaatın maddi-rifah halının yaxşılaşması, artan qiymətlərlə, inflyasiya ilə ayaqlaşmaq üçün görülən tədbirlərdir. Yadımdadır, pandemiyadan qabaq sosial ödənişlər orta hesabla 100 faiz qalxdı. Sonrakı illərdə - həm 2020-ci, həm də 2021-ci ildə sosial indeksasiya, təqaüd artımları həyata keçirildi. Keçən il də əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı.
Bunları Füzuli rayonundan olan keçmiş məcburi köçkün Əzim Şərifov həyata keçirilən sosial islahatlar paketi barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib.
Ağsaqqal bildirib ki, son beş il ərzində sosial sahədə həyata keçirilən islahatlar göz qabağındadır: “Bu illər ərzində əhalinin elə bir sosial təbəqəsi yoxdur ki, islahatlar ona toxunmasın. Mən bu addımları çox təqdir edirəm. İndi bazar iqtisadiyyatı dövrüdür, hər gün zaman istehlak mallarının qiymətinə öz diktəsini edir. Bunun diqqət mərkəzində saxlanılması, əhalinin rifahının dövrün tələbləri ilə uyğun gəlməsi üçün artan qiymətlərlə pensiya, əməkhaqqı və digər ödənişlər sahəsində uyğunluq yaradılması vətəndaşların sosial vəziyyətinə göstərilən dövlət qayğısının ifadəsidir”.