Təranə Yusifova: Cahangir Cahangirov irsi Azərbaycan musiqi mədəniyyətinin ən qiymətli incilərindəndir
Bakı, 25 iyun, AZƏRTAC
Görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyi münasibətilə hazırladığımız konsert proqramı üzərində işləmək mənim üçün həm böyük şərəf, həm də ciddi məsuliyyət idi. Cahangirovun musiqisi o qədər zəngin, dərin və fəlsəfi məzmunludur ki, onun əsərlərinə müraciət etmək hər bir sənətçidən xüsusi həssaslıq tələb edir. Üzeyir Hacıbəylidən sonra Azərbaycan xor sənətinə ən böyük töhfələr verən bəstəkarlardan biri məhz Cahangir Cahangirovdur. O, xor musiqisinin repertuarını zənginləşdirib, yeni əsərlər yaradıb və hər bir əsərində güclü emosional enerji, dərin məna ifadə edib.
Bunu AZƏRTAC-a açıqlamasında Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifova deyib.
O bildirib ki, Cahangir Cahangirov irsi Azərbaycan musiqi mədəniyyətinin ən qiymətli incilərindən biridir. Onun həm şəxsiyyəti, həm də yaradıcılığı ayrıca bir dünyadır. Azərbaycan musiqi məktəbinin inkişafında, xüsusilə də xor sənətinin zənginləşməsində müstəsna xidmətləri olub.
“Bəstəkarın adını daşıyan kollektivin rəhbəri olmaq mənim üçün böyük qürur mənbəyidir. Uşaqlıq və tələbəlik illərindən Cahangirov musiqisini sevmişəm. Cahangir Cahangirov Azərbaycan musiqi mədəniyyətinə “Sabir oratoriyası”, “Füzuli” və “Nəsimi” kantatası, “Nəsimi” kimi möhtəşəm əsərlər bəxş edib. Onun yaratdığı hər bir əsər ayrıca bir məktəb, ayrıca bir sənət nümunəsidir. Bu gün də həmin əsərlər öz aktuallığını, bədii dəyərini və təsir gücünü qoruyub saxlayır”, - deyə Təranə Yusifova qeyd edib.