TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
Milli Məclisin sədri qonağı səmimiyyətlə salamladıqdan sonra demişdir ki, hələ Sovetlər Birliyi dövründə Azərbaycanla Bolqarıstan arasında yaxşı münasibətlər olmuşdur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra əlaqələrimiz daha da genişlənmiş və hazırda yüksələn xətlə inkişaf edir. Əlaqələrimizin bu cür yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər xüsusi rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin bi ilin sentyabrında Bolqarıstana rəsmi səfəri zamanı aparılan danışıqlar, imzalanmış Memorandum, Birgə Bəyannamə, viza rejiminə dair saziş və digər sənədlər əlaqələrimizin inkişafında yeni mərhələ açmışdır. Parlamentlərimiz yaranmış imkandan maksimum istifadə edərək, münasibətləri daha da möhkəmlətməli və genişləndirməlidirlər. Bu gün deputatlarımız beynəlxalq tədbirlərdə yaxşı əməkdaşlıq edirlər. Milli Məclisdə Bolqarıstan parlamenti ilə dostluq qrupu vardır. Ümid edirəm ki, Bolqarıstan parlamentində də belə bir qrup yaradılacaq və bu qruplar bütün sahələrdə əməkdaşlıq edəcək və əlaqələrimizin genişlənməsində mühüm rol oynayacaqlar.
Sonra Milli Məclisin sədri regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən, Azərbaycanın bu layihələrdəki iştirakından və regiondakı rolundan geniş söhbət açmışdır.
Səmimi qəbul və xoş sözlər üçün minnətdarlıq edən səfir Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmişdir. Diplomat demişdir ki, noyabrda Azərbaycanda keçirilən seçkiləri Bolqarıstanın müxtəlif siyasi bloklardan olan 13 deputatı izləmişdir. Onlar seçkilərin, ümumən, azad, demokratik və şəffaf keçirildiyini bəyan etmişlər. Düşünürəm ki, sizin fəaliyyətiniz dövründə parlamentlərarası əlaqələrimiz daha da inkişaf edəcəkdir. Bolqarıstan parlament respublikasıdır və parlamentlərarası əlaqələrin inkişafı digər sahələrdə də münasibətlərin genişlənməsinə və dərinləşməsinə müsbət təsirini göstərəcəkdir.
Səfir də, regionda həyata keçirilən layihələrin əhəmiyyətini və Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.