“Tərəkəmə qadın” sənədli filminin çəkilişinə başlanılıb
Ağsu, 13 aprel, AZƏRTAC
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ağsu rayonunun Gəgəli kəndində "Tərəkəmə qadın" sənədli filminin çəkilişlərinə başlanılıb. Layihə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dəstəklənir. Burada əsas məqsəd Azərbaycanın tərəkəmə obalarından birinin məskunlaşması nəticəsində formalaşan Gəgəli kəndində heyvandarlıqla məşğul olan Abidə Mürşüdova adlı yaşlı bir qadının həyat hekayəsini sənədli filmə çevirməkdir. Sənədli film layihəsinin müəllifi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində filmin qəhrəmanı barədə bildirib ki, 70 yaşında olan Abidə Mürşüdova fədakar və zəhmətkeş tərəkəmə həyat tərzi keçirən qadındır. O, sovet dövründə orta məktəbi yaxşı oxusa da, nümunəvi şagird olsa da, təhsil ala bilməyib, yeniyetmə yaşında gəlin köçürülüb. On iki uşaq anası olan Abidə Mürşüdova qızıl medallı "Qəhrəman ana"dır. O, ömür-gün yoldaşı ilə uzun müddət kolxozda heyvandarlıq fermasında işləyib, sonra isə şəxsi heyvanlarını bəsləyib. O, bütün qohum-əqrəbasına yardım əlini uzadan əliaçıq tərəkəmə qadındır. Abidə Mürşüdova qırx nəvə və otuz nəticə sahibidir. Hazırda qışlaq və yaylaq sahələrində camış və qoyun bəsləməklə məşğuldur. Bu sənətin bütün incəliklərini bilən və yaşadan Abidə Mürşüdovanın kənd və qışlaq evi filmin çəkilişi üçün dekor seçilib. F.Xəlilli deyib ki, son zamanlarda bütün dünyada tərəkəmə həyat tərzinin sənədləşdirilməsi, paylaşılması və turistlərə açılması Azərbaycanda da bu sahəyə və bu həyat tərzinin yeni təqdimatlarda topluma tanıdılmasını prioritetə çevirir. “Tərəkəmə qadın” sənədli filmi 5 min nəfərlik Gəgəli icmasının ənənələrini, həyat tərzini tanıtmaqla yanaşı, qadın fədakarlığını göstərmək üçün örnək olacaq. Filmin çəkilişlərini “İSArt Prodakşn” şirkəti həyata keçirir. Filmin prodüseri, rejissoru və ssenari müəllifi Nihad İsadır. Sənədli film ərsəyə gəldikdən sonra beynəlxalq müsabiqələrə çıxarılması və təqdimatlarının keçirilməsi planlaşdırılır. Təşəbbüsü dəstəkləyən Gəgəli Bələdiyyəsi qadınların kənd təsərrüfatı və turizm sahələrinə sahibkar kimi inteqrasiyası üçün filmin imkanlarından istifadə edəcək.