“The Guardian” qəzeti Azərbaycan səfirinin məktubunu dərc edib
London, 9 aprel, AZƏRTAC
Britaniyanın “The Guardian” qəzeti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginliklə əlaqədar həmin mətbuat orqanında yayılan məqaləyə Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadənin cavab məktubunu dərc edib.
Məktubda bildirilir ki, müəllif Simon Tisdalsın məqaləsində Dağlıq Qarabağın və regionun tarixinə nəzər salınmasını yüksək qiymətləndiririk. Beynəlxalq ictimaiyyətin münaqişənin sülh yolu ilə nizamlanmasına dair planları uzun zamandır ki, gecikdirilir. Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxmaması isə sülh prosesinin qarşısında duran ən böyük səddir. Münaqişəni daha mürəkkəb hala gətirən isə ATƏT-in Minsk qrupu fonunda beynəlxalq danışıqların təsirsiz bir mexanizm almasıdır.
Beynəlxalq qurumların müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq ölkəmizin hərbi əməliyyatları və cavab tədbirlərini birtərəfli qaydada dayandırmağına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmaqda davam etməsi bu ölkəyə beynəlxalq təzyiqin göstərilməsinin vacib olduğunu bir daha sübut etdi.
Oxucuların diqqətinə çatdırılır ki, 1994-cü ildən elan edilmiş atəşkəs rejiminin pozulması regionun və Avropanın stabilliyini risk altında qoyur. Məqalədə çox düzgün vurğulandığı kimi, bu, Avropada cərəyan edən bir çox digər problemlərin fonunda baş verir. Ona görə də məsələ beynəlxalq ictimaiyyətin və Avropanın marağındadır ki, uzunmüddətli sülh əldə edilməsi üçün Ermənistana təzyiq göstərilsin və bu ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına nail olunsun.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London