SİYASƏT
“The Washington Times” Azərbaycanın regionda iqtisadi əhəmiyyətindən yazıb
Vaşinqton, 18 mart, AZƏRTAC
Amerikanın “The Washington Times” qəzeti Duqlas Bertonun “Ticarət marşrutu Azərbaycan yəhudiləri icmasını diqqət mərkəzinə gətirdi” sərlövhəli məqaləsini dərc edib. Məqalədə Avrasiyadan keçən qədim ticarət marşrutlarının bərpası nəticəsində qlobal iqtisadi iyerarxiyada Azərbaycanın vacibliyinin artmasından, habelə Azərbaycan yəhudilərinin kiçik icmasının əhəmiyyətindən danışılır. Müəllif, ABŞ və Azərbaycan arasında yaxın və etimada əsaslanan münasibətlərin vacibliyini vurğulamış Amerika-Yəhudi Komitəsinin başçısı Devid Harrisdən sitat gətirir. Azərbaycan təhlükəsizlik üzrə əməkdaşlıq çərçivəsində İraqda sülhpərvər missiyada iştirak edib və Əfqanıstanda Amerika ordusu üçün tranzit daşımaların təmin olunmasında vacib vəsilədir.
Məqalə müəllifi, həmçinin qeyd edir ki, İsrail və Azərbaycan təhlükəsizlik və energetika sahələrində əməkdaşlıq edir. İsrail Azərbaycandan Türkiyə limanı vasitəsilə Aralıq dənizinə nəql edilən neft və qazın əsas alıcılarından biridir. D.Berton sonra 6 min 500 dağ yəhudisinin və bir neçə yəhudi sinaqoqunun fəaliyyət göstərdiyi Qırmızı Qəsəbə haqqında yazır. Azərbaycanın dağ yəhudiləri Qafqazdan və Orta Asiyadan keçən, vaxtilə Böyük İpək Yolu üzərində mövcud olan qədim icmalardandır. Yəhudilərin çoxu 1948-ci ildə İsrailə emiqrasiya etsələr də, kiçik icmalar Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda və İranda yaşamaqda davam edir.
Müəllif Milli Məclisin deputatı Yevda Abramovdan sitat gətirərək yazır ki, Azərbaycan rəhbərliyi təkcə yəhudilər üçün deyil, həm də Azərbaycanda mövcud olan bütün 22 etnik azlıq üçün tolerant cəmiyyət yaradır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton