“The Washington Times”: Sülh dividendi Ermənistana və Azərbaycana mane olmazdı
Vaşinqton, 4 mart, AZƏRTAC
“The Washington Times” qəzetində “Caspian Group Holdings” qrupunun direktoru Rob Sobhaninin “Obamadan barışıq məqamı: sülh dividendi Ermənistana və Azərbaycana mane olmazdı” sərlövhəli məqaləsi dərc edilib
(http://www.washingtontimes.com/news/2016/mar/3/s-rob-sobhani-obamas-armenia-azerbaijan-reconcilia/).
Məqalədə qeyd edilir ki, bu il martın 31-də və aprelin 1-də Vaşinqtonda nüvə təhlükəsizliyi məsələlərinə həsr edilmiş Dördüncü Sammit keçiriləcək. Müəllif göstərir ki, Prezident Obama Azərbaycan və Ermənistan prezidentlərinin də iştirak edəcəyi bu sammitdə yaranacaq tarixi fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistanla Azərbaycan arasında sülh yaradılması prinsiplərini müzakirə edə bilər.
R.Sobhani yazır ki, 1991-ci ildə Ermənistanla Azərbaycan arasında tam miqyaslı müharibə başlanıb. 1994-cü ildə atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, cəbhə xəttində atışmalar bu günə qədər davam edir. Bir milyondan çox insan məcburi köçkün vəziyyətindədir. Erməni silahlı qüvvələri Azərbaycan ərazisinin təxminən 20 faizini hələ də işğal altında saxlayır.
Müəllif qeyd edir ki, Vaşinqton uzun müddət Yaxın Şərq problemləri ilə çox ciddi məşğul olub. Lakin nəzərə almaq lazımdır ki, Yerevan ilə Bakı arasında uzunmüddətli sülhün bərqərar olmasında aparıcı rol oynamaq, münaqişənin tənzimlənməsi məsələsində real irəliləyişə nail olmaq üçün Vaşinqton Sammitində Prezident Obama üçün əlverişli imkan yaranacaq.
R.Sobhani yazır ki, erməni diasporu tərəfindən Ermənistana milyonlarla dollar həcmində yardımlar daxil olmasına baxmayaraq, hələ də bu ölkədə iqtisadi tənəzzül müşahidə olunur. Azərbaycan iqtisadiyyatı isə son bir neçə ildə orta hesabla hər il 12 faiz artıb. Bu, milyonlarla azərbaycanlının cəmiyyətin orta təbəqələri sırasına daxil olmasına imkan verib, BMT İnkişaf Proqramının məlumatlarına görə Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
Müəllif yazır ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində ABŞ-ın aparıcı rol oynaması münaqişədən sonrakı dövrdə iqtisadi artıma səbəb ola bilər. Ermənistanla Azərbaycanın ticari-kommersiya əlaqələrinin bərpa edilə bilməsi milyonlarla insanın rifahının yaxşılaşmasına xidmət edərdi. R.Sobhani Prezident Obamaya məsləhət görür ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına və Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində muxtariyyət verilməsi barədə razılıq əldə edilməsinə gətirib çıxaracaq tənzimləmə məsələləri müzakirə edilsin. Məqalədə daha sonra qeyd edilir ki, münaqişənin bu yolla nizamlanması Ermənistanla Azərbaycanın barışması və hər iki ölkədə yenidənqurma işləri, infrastruktur layihələri üçün investisiyaların toplanacağı Fond təsis olunmasını, Avropaya qaz ixracı kəmərinin Ermənistan ərazisindən keçməklə genişlənməsini də əhatə edə bilər.
Məqalə müəllifi həmçinin, mədəniyyətlərarası məsələlər üzrə birgə Fond yaradılmasını da təklif edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton