“Tokio-2020”: Karateçimiz İrina Zaretska yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız A qrupunda sonuncu görüşünü keçirib. Türkiyə təmsilçisi Məltəm Hocaoğlu ilə qarşılaşan İ.Zaretska rəqibini 4:0 hesabı ilə məğlub edib. Beləliklə, qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Bununla da o, ən azı bürünc medalı təmin edib.
Bu qrupdan ikinci yerin sahibi kimi yarımfinala 5 xalla qazaxıstanlı Sofiya Berultseva yüksəlib.
Təmsilçimiz ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub.