Tokio Assambleyasına seçkilər kampaniyasına rəsmən start verilib
Tokio, 25 iyun, AZƏRTAC
Yaponiyada Tokio Assambleyasına namizədlər doqquz gün sonra keçiriləcək seçkilərlə əlaqədar seçki kampaniyasına rəsmən start veriblər.
AZƏRTAC xəbər verir ki, Yaponiyada paytaxt Assambleyasına seçkilərə parlamentin aşağı palatasına cari ilin payızında təşkil ediləcək seçkilərin əsas məşqi kimi baxılır.
Bildirilir ki, Assambleyada mövcud olan 127 yer üçün seçkilər paytaxtın 42 dairəsində keçiriləcək. Tokio sakinləri Assambleya üzvlərini iyulun 4-də seçəcəklər.
Qeyd edilir ki, seçkilər zamanı diqqət mərkəzində olacaq əsas məsələlərdən biri “Prefekturanın sakinləri hər şeydən üstündür” partiyasının Assambleyada öz üstünlüyünü saxlaması olacaq. Bu partiyanın əsas məsləhətçisi hazırda paytaxt qubernatoru olan xanım Koike Yurikodur.
Həmçinin, hakim Liberal Demokratik Partiyanın və onun koalisiya tərəfdaşı Komey-to Partiyasının Assambleyada üstünlüyü saxlamaq üçün qüvvələri birləşdirəcəyi də bildirilir.
Seçki kampaniyası zamanı namizədlərin əsasən, antivirus tədbirlərinə, eyni zamanda, Tokio Olimpiadası təşkilat komitəsinin yerli tamaşaçıları Olimpiya tədbirlərinə buraxmaq planlarına xüsusi diqqət yetirəcəyi qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio