“Top Resa-2015” sərgisi çərçivəsində turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Paris, 30 sentyabr, AZƏRTAC
Parisdə “Top Resa-2015” beynəlxalq turizm sərgisi öz işini davam etdirir. Azərbaycan pavilyonu ziyarətçilərin diqqətini daha çox cəlb edir.
Bu il sentyabrın əvvəlində Bakıda səfərdə olan “Challenge Tourisme” ixtisaslaşmış turizm assosiasiyasının üzvləri “Top Resa-2015” beynəlxalq turizm sərgisində Azərbaycan pavilyonuna baş çəkiblər.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Assosiasiyanın prezidenti Lucien Saleminin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə Bakı səfərinin nəticələri barədə fikir mübadiləsi aparıb, turizm sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Sərgi çərçivəsində “Novotel”, “Ibis” və digər iki və üçulduzlu otelləri birləşdirən “Accor” mehmanxanalar şəbəkəsinin inkişaf departamentinin baş direktoru Qoran Buşan ilə də görüş keçirilib. Görüşdə Azərbaycanda iki və üçulduzlu brend mehmanxanaların tikilməsi məqsədilə cari ilin sonunda Bakıda yerli sahibkarlar üçün geniş təqdimat keçirilməsi haqında razılıq əldə olunub.
Sərgi oktyabrın 2-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris