Tovuz-Böyükqışlaq-Qaralar avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib
Tovuz, 21 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Ötən gündən başlayaraq qərb bölgəsinin rayonlarına qar yağır. Yağıntı əsasən ucqar dağlıq ərazilərə daha çox düşüb. Burada qarın hündürlüyü 30-35 santimetrə çatır. Bəzi yollar buz bağladığından avtomobillərin gediş-gəlişi çətinləşib.
AZƏRTAC xəbər verir ki, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun təmizlənməsinə Tovuz rayon “26 nömrəli Yol İstismarı” MMC-nin texnika və canlı qüvvəsi səfərbər olunub. Burada çətin döngəli hissələrə, eniş və yoxuşlara qum-duz qarışığı səpilir.
Sürücülər deyirlər ki, yolların təmizlənən hissəsində hərəkətlə bağlı çətinlik olmasa da, bəzi hissələrdə problem yaşanmaqdadır.
Qarın yağması qaz və elektrik enerjisinin verilişində hər hansı problem yaratmayıb. Həmçinin rabitə və internetin verilişində də fasilə olmayıb.
Qarın yağmasına bölgə sakinləri, xüsusən də təsərrüfat sahibləri daha çox sevinirlər. Bir müddətdir davam edən mülayim və quraq hava şəraitindən sonra yağıntıların düşməsi məhsuldarlığa müsbət təsir göstərəcək.
Hazırda bölgədə qarın yağmasında fasilə yaranıb və günəşli-buludlu hava şəraiti hökm sürür. Sinoptiklər isə yenidən qar yağacağını bildirirlər. Gecə saatlarında havanın temperaturunun bir qədər də aşağı düşəcəyi, şaxta olacağı proqnozlaşdırılır.