İDMAN
Tovuz şəhər stadionunda bütün işıq dirəkləri yenilənəcək
Bakı, 27 yanvar, AZƏRTAC
“Dünən “Səbail”ə qarşı oyundan sonra stadionun işıqlandırma sistemi ilə bağlı işlər başlayıb”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz” klubunun idarə heyətinin sədr müavini, maliyyə və infrastruktur üzrə direktor Əli Balakişiyev Tovuz şəhər stadionunda projektorların yenilənməsi ilə bağlı danışarkən deyib.
Klub rəsmisi işin qısa zamanda başa çatdırılması üçün səfərbər olduqlarını bildirib: “Bakıdan Tovuza ağır texnika gələcək. Bu isə bir neçə gün vaxt aparacaq. Dəqiq deyə bilmərəm, amma böyük ehtimalla işıq dirəklərinin dördü də dəyişdiriləcək. Əgər problem olmasa, mart ayının ortasına, uzağı aprelin əvvəlinə kimi işi yekunlaşdıracağıq”.
Qeyd edək ki, 2023-cü il dekabrın 23-də Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş “Turan Tovuz” - “Araz-Naxçıvan” matçı zamanı güclü küləyin əsməsi nəticəsində Tovuz şəhər stadionundakı işıq dirəklərindən biri aşıb.