Turan Cavidin xatirəsi anılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Böyük şair və dramaturq Hüseyn Cavidin qızı, görkəmli muzeyşünas və mətnşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a Hüseyn Cavidin ev-muzeyindən məlumat verilib. Bildirilib ki, muzeydə keçirilən anım mərasimində çıxış edən alim və mütəxəssislər Turan Cavidin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıb, bu gün muzeyə rəhbərlik edən filologiya elmləri doktoru Gülbəniz Babaxanlının nəşrə hazırladığı “Turan Cavid. Ömür salnaməsi” kitabının əhəmiyyətini vurğulayıblar.
Qeyd edilib ki, Turan Cavid atası Hüseyn Cavidin irsinin toplanmasında, qorunmasında, təbliğində, nəşrində və tədqiqində böyük xidmətlər göstərib. O, görkəmli ədibin Bakıdakı ev-muzeyinə 1991-2004-cü illərdə rəhbərlik edib. Həmin muzeyin təşkilində və zənginləşdirilməsində onun mühüm rolu olub.