“Turizm haqqında” yeni qanunla turoperatorların fəaliyyəti də nizamlanacaqdır
Bakı, 7 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Turizm haqqında” yeni qanun layihəsi ictimaiyyətin müzakirəsinə verilmişdir. Yeni qanun layihəsində turoperatorların fəaliyyəti də əksini tapmışdır.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aydın Məmmədov AZƏRTAC-a bildirmişdir ki, “Turizm haqqında” yeni qanunun qəbulundan sonra turoperatorlar turizm məhsulunu hazırlayacaq, onun təqdim edilməsini birbaşa və ya turagent vasitəsilə həyata keçirəcəklər. Turagent isə turoperatorla müştəri arasında vasitəçi kimi çıxış edən müvafiq lisenziya almış hüquqi və ya fiziki şəxsdir. Turagent heç bir mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyekti və nəqliyyat vasitələri ilə birbaşa müqavilə imzalamaq hüququna malik deyildir. O, xidmətləri yalnız turoperatorun vahid turist yollayışı və turist vauçeri əsasında həyata keçirə bilər.
Assosiasiya təmsilçisi qeyd etmişdir ki, turopetor hotellərlə birbaşa əməkdaşlıq əlaqəsi qurur. Turoperator hotellərdəki yerləri bir yerdə alır, sonradan isə onu turagentlərə satır. Yəni turoperatorun müştərisi turagentdir. Turagentin müştərisi isə sıravi vətəndaşlardır. Turizm agentlikləri nömrə lazım olduqda turoperatora müraciət etməlidirlər. Bu, beynəlxalq təcrübədə belədir.