Turizm imkanlarımızı əks etdirən yeni videoçarx hazırlanıb VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycanın turizm imkanlarını əks etdirən yeni videoçarx hazırlanıb.
Bürodan AZƏRTAC-a bildirilib ki, “Red Bull” atleti Kenni Beleyin iştirakı ilə çəkilən videoçarxda Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və palçıq vulkanları əks etdirilib.
Kenni Beley trial üslublu velosipedçidir və səyahətdə olan zaman belə velosiped sürmək üçün yeni yerlərin axtarışındadır. Bu dəfə onun hədəfi tarix etibarı ilə zəngin, quruluş etibarı ilə unikal olan Qobustan qoruğu olub. “Land of Bull” (“Öküzlər diyarı”) adlı layihənin dünya premyerası oktyabrın 10-da baş tutacaq.
Kenni Beley videoçarxda Azərbaycanı tək klassik turizm üçün yox, həm də idman turizmi üçün cazibədar bir məkan hesab edərək ölkənin bu istiqamətdəki imkanlarının geniş olduğunu vurğulayıb.