Turizm sahəsində yüksəkixtisaslı kadr hazırlığı diqqət mərkəzində saxlanılır
Naxçıvan, 15 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinin başlanğıc konfransı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda çıxış edən departamentin direktoru Əkbər Novruzov istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları departamentə hamiliyə verilib. Sərəncamın icrası ilə əlaqədar mütəmadi olaraq tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir, onların ekskursiyalarda iştirakı təmin olunur.
“Naxçıvan” Universitetinin təcrübə rəhbəri Əli Cabbarov və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək istehsalat təcrübəsinin proqramı haqqında tələbələrə məlumat veriblər. Qeyd edilib ki, təcrübə müddətində tələbələr Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və tabeliyində olan müəssisələrin, eləcə də Naxçıvan şəhərində yerləşən muzeylərin, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların fəaliyyəti ilə tanış olacaqlar.
Sonda suallar cavablandırılıb, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilib.