Turizm üzrə etika mükafatı təsis edilib
Bakı, 21 iyun, AZƏRTAC
Dünya Turizm Təşkilatı (DTT) və Dünya Turizm Etika Komitəsi DTT-nin Etika mükafatını təsis edib.
AZƏRTAC Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, bu mükafat Turizmin Qlobal Etika Kodeksinə riayət etməklə daha məsuliyyətli və davamlı sahibkarlıq fəaliyyəti göstərən şirkətlərə təqdim olunacaq. Kodeksin prinsiplərini həyata keçirən və onun Özəl Sektor Öhdəliyini rəsmən qəbul etmiş bütün turizm şirkətləri və sahəvi birliklər mükafat üçün namizədliyi irəli sürə bilər. Kodeksi imzalamış 64 ölkədən 463 şirkət və müəssisə bu sənədə riayət olunması və onun prinsiplərinin yayılması öhdəliyini götürüb.
Dünya Turizm Etika Komitəsinin təşəbbüsü ilə təsis edilən mükafatın məqsədi Kodeksin Özəl Sektor Öhdəliyini rəsmən qəbul etmiş şirkət və sahəvi birliklər tərəfindən uğurla həyata keçirilən təşəbbüsləri genişləndirmək və təşviq etməkdir. Mükafata namizədliyi irəli sürülən şirkətlər beş sahədə, o cümlədən korporativ idarəçilik və biznes etikası, iş yerlərinin keyfiyyəti, sosial ədalət və insan hüquqları, cəmiyyətin rifahı və ekoloji davamlılıq sahələrindən ən azı ikisində öz fəaliyyətlərinin uzunmüddətli xarakterə malik olmasını və müsbət təsirini sübut etməlidir.
Birinci mükafatın laureatları 2017-cu il yanvarın 18-də İspaniyanın paytaxtı Madrid şəhərində DTT-nin IFEMA/FITUR Beynəlxalq Turizm Sərgisinin birgə təşkilatçılığı ilə keçirəcəyi mərasimdə elan ediləcək. Mükafat üçün namizədliyi sentyabrın 30-dək irəli sürmək olar.
Xatırladaq ki, Azərbaycan Turizmin Qlobal Etika Kodeksinə 2014-cü il aprelin 3-də qoşulub.