“Turizm və qonaqpərvərlik tədqiqatları jurnalı”nın xüsusi nömrəsi çapdan çıxıb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları jurnalı”nın xüsusi nömrəsi çap olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, bu il də jurnalın əlavəsi olan xüsusi buraxılış magistr tədqiqatlarının nəticələrinin yayılması üçün nəzərdə tutulub. Jurnala alternativ turizm və onun inkişafı yolları, turizmin inkişafında reklamın rolu, turizmdə marketinq tədqiqat metodlarının tətbiqi, Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları, tarixi-mədəni abidələrin turizmin inkişafına təsiri, tarixi-mədəni abidələrə ekskursiyaların təşkili, Azərbaycanda dağ-xizək turizminin genişləndirilməsi, dağ-xizək turizminin digər turizm növləri ilə əlaqəli tətbiqi, turizmin inkişafında dövlət siyasətinin həyata keçirilməsi və dövlət proqramlarının hazırlanması, ölkədə biznes turizminin inkişaf istiqamətləri, ayrı-ayrı regionların turizm cəlbediciliyi, beynəlxalq turizmin inkişaf xüsusiyyətləri və xarici ölkələrdə inkişaf etmiş turizm növlərinin Azərbaycana tətbiqi formalarına həsr olunan 30-dək məqalə daxil edilib.