Türk iş adamları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarı, məşğulluq sahəsində aparılan islahatlarda, əmək qanunvericiliyinin təkmilləşdirilməsində sosial tərəfdaşlıq müstəvisində işəgötürənlərlə, habelə türk iş adamları ilə əməkdaşlığa həmişə xüsusi əhəmiyyət verir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) üzvləri ilə onlayn formada keçirilən görüşdə vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, A. Kərimov son illərdə ölkəmizdə sosial sahədə, həmçinin əmək bazarı, məşğulluq sahələrində aparılan genişmiqyaslı islahatlar proqramı, sosial sahədə tətbiq olunan innovativ yeniliklər barədə məlumat verib.
Nazir müavini tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan əziyyət çəkən şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini diqqətə çatdırıb. Artıq 20 mindən çox şəxsin bu dəstək paketi ilə əhatə olunduğunu deyib.
MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun belə görüşlərin əhəmiyyətini və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edib.
Görüşdə postmüharibə dövründə ölkəmizdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları, erməni terrorundan əziyyət çəkən şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə dair təqdimatlar edilib. “Əməkhaqqının birgə maliyyələşməsi Proqramı” barədə məlumat verilib. Bu layihə barədə ötən dövrdə MÜSİAD-la da ilkin danışıqlar aparıldığı, Birliyə üzv işəgötürənlərin işsiz şəxslərin layihə çərçivəsində işlə təmin olunması sahəsində əməkdaşlığa müsbət yanaşdıqları bildirilib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə işçi qruplarının yaradılması müzakirə edilib, belə görüşlərin davam etdirilməsinə dair yekdil fikir ifadə olunub, görüş iştirakçılarının sualları cavablandırılıb.