İQTİSADİYYAT
Türkiyə atom enerjisi üzrə potensialını 50 min giqavata çatdırmağı hədəfləyir
Bakı, 13 noyabr, AZƏRTAC
Türkiyə qlobal iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyir və ona sadiq qalır. Biz bu sahədə öz öhdəliklərimizi yerinə yetirməklə böyük nailiyyətlər əldə etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Enerji, Atom və Mineral Araşdırmalar Agentliyinin sədri Abdullah Buğrahan Karaveli COP29 çərçivəsində keçirilən “Nüvə enerjisini üçqat artırma səylərinin genişləndirilməsi” tədbirində çıxışı zamanı deyib.
O, Türkiyənin böyük planlarından bəhs edib: “Onlardan biri 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmaqdır. İqlim dəyişikliyi ilə mübarizədə enerji sektoru böyük rol oynayır. Son 20 il ərzində Türkiyənin elektrik enerjisinə ehtiyacı 3 qat artıb və proqnozlara görə hər il 3,2 faiz artacaq. Hazırda Türkiyənin atom enerjisindən istifadəsi 0 giqavata bərabərdir, ancaq yaxın gələcəkdə 20 giqavata çatdırılması planlaşdırılır. Hazırda 1 atom zavodu tikilir və onun potensialı 4800 giqavata bərabərdir. Onun birinci reaktoru gələn il istifadəyə veriləcək. 2028-ci ilin sonunadək isə ümumilikdə 4 reaktor istifadəyə veriləcək. Biz, həmçinin daha 2 nəhəng atom zavodunun tikilməsi üçün danışıqlar aparırıq. Bizim hədəfimiz atom enerji potensialını 50 min giqavata çatdırmaqdır”.