TÜRKİYƏ UNİVERSİTETLƏRİNİN MAGİSTRATURA PİLLƏSİNƏ SƏNƏD QƏBULU BAŞLANIR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, respublikamızın ali məktəblərinin bakalavr pilləsini bitirmiş və ya bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, 2006–cı il yanvarın 1-dək 27 yaşına çatmamış, bakalavr təhsili pilləsi üzrə orta balı 5 ballıq qiymət cədvəlində “4”–dən az olmayan Azərbaycan vətəndaşları sənəd verə bilərlər. Magistratura pilləsinin tələbələri və məzunlarından sənədlər götürülmür.
Sənədlər komitədə yaradılmış sənəd qəbulu komissiyasında (SQK) mayın 18-dən 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00–dan 17.00–dək qəbul ediləcəkdir.
Bakalavrlar SQK-ya bakalavr diplomunun əslini (2006-cı ilin məzunları buraxılış kursunda təhsil almaları haqqında arayışı), məzunu olduqları və ya təhsil aldıqları ali məktəbdən bitirdikləri ixtisasın və onun aid olduğu istiqamətin şifrini, orta qiymət balını göstərən arayışı, şəxsiyyət vəsiqəsini, hərbi bilet və ya çağırış məntəqəsinə təhkimedilmə haqqında vəsiqəni, hamısı eyni olmaq şərti ilə yeni çəkilmiş 3 x 4 sm ölçüdə 4 ədəd fotoşəklini təqdim etməlidirlər.
Bu il Türkiyə Respublikası Azərbaycan gənclərinə magistraturada oxumaq üçün 7 ixtisas üzrə 12 yer ayırmışdır.
Azərbaycan və rus dillərində aparılacaq qəbul imtahanında test üsulu ilə bakalavrın məntiqi təfəkkürü (50 sual), qəbul olmaq istədiyi ixtisas (30 sual) və xarici dil (20 sual) üzrə bilik səviyyəsi yoxlanılacaqdır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir. Müsabiqədə iştirak etmək üçün bakalavrın topladığı ümumi bal 50-dən, ixtisas fənni üzrə balı isə 10-dan az olmamalıdır.
İmtahan iyunun 3-də Bakıda keçiriləcəkdir.
İmtahanda müvəffəqiyyət qazanmış Azərbaycan vətəndaşları bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq imtahanı uğurla verərsə, bu ölkənin Yüksək Öyrətim Kurulu tərəfindən, seçdikləri ixtisaslara uyğun olaraq, ali məktəblərə yerləşdiriləcəklər.
Bakalavrlar magistraturaya qəbul aparılan ixtisaslar üzrə imtahanın məzmununu təyin edən qəbul proqramları və elanın tam mətni ilə TQDK–nın internet saytında (www.tqdk.gov.az) tanış ola bilərlər.