Türkiyə Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması istiqamətində səylərini davam etdirir
İstanbul, 12 oktyabr, AZƏRTAC
Türkiyə dövlətinin Yaxın Şərqdə yaranmış gərginliyin diplomatik yollarla aradan qaldırılması istiqamətində səyləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir neçə gün ərzində Fələstin Prezidenti Mahmud Abbas, İsrail Prezidenti İsxaq Hersoq, BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi kimi bir çox dövlət və hökumət rəhbərləri ilə telefon danışıqları olub.
Danışıqlar zamanı Prezident Ərdoğan ölkəsinin yaranmış gərginliyin aradan qaldırılması üçün vasitəçilik də daxil, hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Digər tərəfdən, ölkənin Xarici İşlər Nazirliyi və kəşfiyyat orqanları vasitəçilik və əsirlərin dəyişdirilməsi ilə bağlı fəaliyyəti gücləndirib. Prezident Ərdoğanın göstərişi ilə Türkiyənin digər müvafiq qurumları da bu prosesi yaxından izləyir.
Bununla yanaşı, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında İsrail-Fələstin məsələsi ilə bağlı birgə təklif qəbul edilib. Təklifdə Türkiyənin tərəfləri mötədilliyə çağırdığı xatırladılıb, münaqişənin yayılmasının qarşısının alınması və mülki vətəndaşların qorunmasının tələb edildiyi vurğulanıb. Parlamentin bugünkü iclasında İsrail-Fələstin münaqişəsi müzakirə olunacaq. İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidanın məclis üzvlərinə Yaxın Şərqdəki son vəziyyətlə bağlı məlumat verməsi gözlənilir.