Türkiyədə keçirilən beynəlxalq simpoziumda Türk Dövlətləri Təşkilatının XXI yüzillikdə əhəmiyyəti müzakirə olunub
Bakı, 1 may, AZƏRTAC
İstanbulda türk dünyası icmalçılarının türk xalqlarının təcrübə mübadiləsi, ədəbiyyat və mədəniyyətinin populyarlaşdırılması məqsədilə simpoziumu keçirilib. Beynəlxalq simpozium Türkiyə Prezidenti yanında Kommunikasiyalar İdarəsinin dəstəyi ilə təşkil olunub.
AZƏRTAC “Veçerni Bişkek” qəzetinə istinadla xəbər verir ki, tədbirdə mass-media təmsilçiləri, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin (TDT) ekspert və mədəniyyət xadimləri, müşahidəçilər iştirak ediblər.
Simpoziumda əsas mövzular sırasında “Türk Dövlətləri Təşkilatı qarşıdakı yüzillikdə öz üzərinə hansı rolu götürməlidir?”, “KİV-lər yeni yüzillikdə” və “Yeni dünyada enerji əməkdaşlığı” kimi istiqamətlər irəli çəkilib.
Tədbiri Türkiyə Prezidenti yanında Kommunikasiyalar İdarəsinin mətbuat və teleradioyayım şöbəsinin rəhbəri Oğuz Göksu açıb. O çıxışında bildirib ki, kütləvi informasiya vasitələri və kommunikasiyalar XXI əsrdə yumşaq qüvvənin ən güclü elementlərindən biridir.
“Bu yeni dünya nizamında yalan və yoxlanmamış məlumatlar xüsusilə sosial şəbəkələrdə olduqca sürətlə yayılır. Bu, aparılan dövlət siyasətinin təhrif olunmuş şəkildə qəbul edilməsinə, həm ayrı-ayrı şəxslərin, həm də müəssisələrin təhlükəsizliyinə təsir göstərən kiberhücumların yaranmasına səbəb ola bilər. Türk dövlətləri bu prosesi öz axarına buraxmamalıdırlar. Dövlət nəzarəti lazımdır. Hər bir ölkə sosial şəbəkələr qarşısına öz nümayəndəliklərini açmaq öhdəliyini qoymalıdır. Bu, sosial şəbəkələrin kontentinə nəzarətdən ötrü lazımdır. Zərurət yaranarsa sanksiyalar tətbiq etmək və ölkənin maraqlarına xələl gətirən məlumatı bloklamaq olar”, - deyə o bildirib.
Qarabağın azad olunması prosesində dost və qardaş ölkələrin birgə mübarizə apardığını vurğulayan Göksu bildirib ki, Azərbaycana kommunikasiya və informasiya sahəsində də, məhz onun haqq səsinin dünyanın hər yerinə çatdırılmasında dəstək göstərilib.
Mərsin Universitetindən doktor Kaan Kutlu öz məruzəsində yeni dünya nizamının formalaşmasında türk dövlətlərinin yeri mövzusuna toxunub. O, xüsusilə qeyd edib ki, dünya qlobal dəyişikliklər astanasındadır və türk dövlətləri bu yeni çağırışlara birgə hazır olmalıdırlar.
Tədbir iştirakçıları beynəlxalq məkanda KİV-lərin rolu ilə bağlı sualları, eləcə də Türk Dövlətləri Təşkilatının gələcək əhəmiyyətini müzakirə ediblər.
İştirakçılar türk dövlətlərinin bundan sonra da möhkəmlənməsi üçün belə görüşlərin TDT-yə üzv olan digər ölkələrdə də keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Simpoziumun yekun hissəsində Türkiyənin energetika sektorunun nümayəndələri öz müəssisələrinin son 20 il ərzində əldə etdikləri nailiyyətlərdən danışıblar.