Türkiyədə yaz şaxtaları: onlarla vilayətdə məhsuldarlığın azalacağı proqnozlaşdırılır
Ankara, 14 aprel, AZƏRTAC
Aprelin əvvəlindən Türkiyənin müxtəlif bölgələrində müşahidə olunan şiddətli şaxtalar ölkənin ən azı 36 vilayətində fermerlərə ziyan vurub.
AZƏRTAC xəbər verir ki, son günlər hətta Anadolunun ən cənub bölgələrində də termometrlər sıfırın altındakı temperaturu göstərib.
Ərik istehsalının əsas hissəsini təmin edən Malatya vilayətində fermerlər məhsuldarlığın əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırırlar. Təhlükənin miqyası o qədər böyük olub ki, Malatya valisi Seddar Yavuz fermerlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə təcili toplantı keçirib.
Analoji vəziyyət badam, kişmiş və ərik yetişdirilən Elazığ vilayətində də qeydə alınıb.
Manisa, İzmir, Uşak, Denizli, Bursa, Eskişehir, Yalova və Tekirdağ vilayətlərində də məhsuldarlığın əhəmiyyətli dərəcədə azalması gözlənilir.
Alma istehsalının mərkəzləri sayılan Niğde və Karaman vilayətlərində meyvə bağlarına ziyan dəydiyi barədə şikayətlər daxil olur.
Aksaray, Konya və Kırşehirli fermerlər pomidor da daxil olmaqla kənd təsərrüfatı məhsullarının həcminin azalması ilə bağlı gözləntilərini bölüşürlər. Fındıqla bağlı oxşar proqnozlar Trabzon, Ordu, Rizə və Giresun vilayətlərində açıqlanıb.
Kahramanmaraş, Adıyaman, Kastamonu və Samsunda püstə, albalı, üzüm və zeytunçuluq təsərrüfatlarının zərər görməsi ilə bağlı şikayətlər var.
Türkiyənin aparıcı media orqanlarından biri olan “Milliyet” qəzeti ölkədə yaxınlaşan ərzaq böhranı ilə bağlı xəbərdarlığı baş xəbər kimi dərc edib.
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara