Türkiyədəki azərbaycanlı iş adamları yeni dövr üçün müəyyənləşdirilən yol xəritəsini müzakirə ediblər
İstanbul, 25 iyun, AZƏRTAC
Türkiyə ilə Azərbaycan arasındakı köklü dostluq bağlarını iqtisadi sahədə daha da gücləndirməyi hədəfləyən Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) məclis üzvlərinin yeni dövr üçün ilk toplantısını keçirib.
AZƏRTAC xəbər verir ki, toplantıda birliyin qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyətlər müzakirə olunub, strateji yol xəritəsi ətrafında fikir mübadiləsi aparılıb.
Toplantıda çıxış edən birliyin sədri Asıf Kurban yeni dövrdə izlənəcək strategiya ilə bağlı danışaraq deyib: “TAİB olaraq məqsədimiz yalnız azərbaycanəsilli iş adamlarını eyni çətir altında bir araya gətirmək deyil. Əsas məqsədimiz üzvlərimiz arasında güclü biznes əlaqələri yaratmaq, həmrəyliyi və qurumlararası əməkdaşlığı artırmaq, yeni investisiya və tərəfdaşlıq imkanları formalaşdırmaq, həmçinin iş dünyasının ehtiyaclarına həll yolları təqdim edən səmərəli bir platforma qurmaqdır. Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcək layihələr həyata keçirmək, iki qardaş ölkənin iş dünyası arasında dayanıqlı körpülər yaratmaq və ortaq inkişaf baxışını dəstəkləmək də TAİB-in əsas prioritetləri sırasındadır. Bu yanaşma əsasında üzvlərimizə dəyər qatacaq fəaliyyətləri qətiyyətlə davam etdirəcəyik”.
Sonra iş dünyasının mövcud problemləri və onların həll yolları müzakirə olunub.
Toplantı çərçivəsində çıxış edən birlik üzvləri yeni dövrdə həyata keçirilməsi planlaşdırılan layihələr, qarşıya çıxan çətinliklər və onların həlli yolları ilə bağlı fikir və təkliflərini səsləndirib, ortaq mövqedən çıxış etməyin və ticarət əməkdaşlıqlarını artırmağın vacibliyini vurğulayıblar.
Tədbirdə iştirak edən, eyni zamanda, TAİB üzvü olan “Paşa Bank”ın Türkiyə üzrə direktor müavini Fərid Əliyev bank sektorunun cari vəziyyəti barədə məlumat verərək, iş adamları üçün nəzərdə tutulan investisiya kreditləri və maliyyələşdirmə imkanları ilə bağlı ətraflı təqdimat edib.