TÜRKİYƏLİ MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN GEDİŞİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
Akkan Suver dünən seçkilərdən dərhal sonra öz fikirlərini mətbuata bildirdiklərini söyləyərək dedi ki, keçən axşam səslərin sayılması prosesində iştirak etdik. Ona görə qutuların açılması və səslərin sayılması ilə bağlı mülahizələrimizi açıqlamaq arzusundayıq.
O, vəqfin BMT-nin iqtisadi-sosial sahədə Məsləhətləşmə Şurasının üzvü olduğunu, Azərbaycana müstəqil müşahidəçilər kimi gəldiklərini bildirərək bir daha xatırlatdı ki, qrupun üzvləri Zaqatala, Gəncə, Şamaxı, Salyan, Sumqayıt, Lənkəran, İsmayıllı, Göyçay, Abşeron, Bakının Xətai, Əzizbəyov və Qaradağ rayonlarında səsvermə prosesini izləmişlər.
Cənab Akkan Suver dedi ki, Azərbaycanda seçkilər Avropa standartlarına uyğun, uğurla keçmişdir. Bu seçkilərdə demokratiyanın bütün tələbləri gözlənilmişdir. Səsvermə zamanı görüşdüyümüz müxtəlif partiya təmsilçilərinin seçkilərdən şikayətçi olmadıqlarını öyrəndik. Hər bir məntəqədə şəffaflıq və qarşılıqlı hörmət hiss olunurdu. Biz bəzi namizədlərlə də görüşmək imkanı qazandıq, onlarla üz-üzə söhbət etdik. Şikayətlərinin olub-olmaması barədə suallarımıza aldığımız cavablarda şəffaf və demokratik bir seçkinin keçirildiyi, bütün şərtlərin yerinə yetirildiyi ifadə olundu.
Səsvermədən sonra qutular açılanda gördüyümüz ən önəmli cəhət bülletenlərin sayılmasının ciddi məsuliyyətlə aparılması idi. Səslər açıq şəkildə hər kəsə göstərilərək qeyd olunurdu. Bu baxımdan gəzdiyimiz məntəqələrdə heç bir qanunsuz hərəkətə rast gəlmədik.
Seçkilərin ilkin nəticələrinə görə, iqtidar partiyası 125 deputat yerindən 63-nü, müstəqil namizədlər 41 yer qazanmışlar. Qalan 21 yerin isə müxalifət, iqtidar və müstəqil namizədlər arasında bölünəcəyi gözlənilir. Buradan belə nəticəyə gəlirik ki, 125 deputat yeri olan parlamentə 41 müstəqil namizədin seçilməsi seçkilərin şəffaflığına və doğruluğuna böyük bir işarədir. Çünki ədalətli və düzgün olmayan bir seçkidə səslərin 33 faizini müstəqil namizədlər qazana bilməzlər. Bu da onu göstərir ki, vətəndaşların səsi düzgün sayılmışdır. Azərbaycanda seçki təşviqatının mədəni aparılması da xüsusi vurğulanmalıdır.
Türkiyənin, Almaniyanın, İngiltərənin televiziya kanallarından Azərbaycan müxalifətinin mitinqlərə davam edəcəyi və seçkilərin nəticələrinin tanımamasında israrlı olması barədə eşitdiyi xəbərlərlə əlaqədar Akkan Suver dedi ki, bu, bizi təəccübləndirmişdir. Əlbəttə, demokratiyanın tələbidir ki, hər seçkidə qalib gələn və uduzan olacaqdır. Unutmamaq lazımdır ki, qutudan çıxan səsə etibar etmək demokratiyanın ən mühüm zərurətidir. Əgər siz buna hörmətlə yanaşmasanız və mitinq keçirərək hadisə törətməyi siyasət sayırsınızsa, onda inandığınız insanlara hörmətsizlik edərsiniz.
Bir daha xüsusi vurğulamaq istəyirəm ki, dünyanın demokratik, inkişaf etmiş ölkələrində yaşanan seçki ab-havası Azərbaycanda da yaşanmışdır. Ona görə həqiqəti görmək vacibdir. Biz bu gün səhər Bakının mərkəzi küçələrini gəzdik. İnsanlar öz işlərində, güclərində idi. Ədalətsiz bir vəziyyətdə belə bir mənzərəni görmək mümkün olmazdı. Artıq seçkiləri udan da, uduzan da vəzifəsini yerinə yetirmişdir. Bundan sonrakı iş yeni seçkilərə qədər Azərbaycana xidmət etmək, ölkənin iqtisadiyyatını yüksəltmək, dünyada sahib olduğu şərəfli yerdə yüksəlməsinə çalışmaqdır. Seçkidə əməyi olanlara təşəkkür edir, Azərbaycan xalqına səadət arzulayırıq.
Türkiyənin Ədalət və İnkişaf Partiyasından olan deputat Orxan Ərdəm, Vəqfin icra şurasının üzvü, Ana Vətən Partiyasından sabiq millət vəkili Ogan Soysal, Vəqfin baş katibi, qəzetçi Engin Köklüçinar, müxtəlif partiyalardan olan indiki və sabiq millət vəkilləri, keçmiş nazirlər, istefada olan generallar və bələdiyyə sədrləri Azərbaycandakı seçkilərin ədalətli və şəffaf keçirilməsini bir daha vurğuladılar, nəticələrin Azərbaycan xalqının xeyrinə olacağını bildirdilər.