Türkiyənin Brüsseldən qaçqınlara maliyyə yardımı ilə bağlı gözləntiləri
Bakı, 11 yanvar, AZƏRTAC
Türkiyə Avropa İttifaqının miqrasiya böhranı ilə mübarizə üzrə birgə plan çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini, qaçqınların qəbulu üçün Ankaraya yardım etməsini gözləyir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı “XXI əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq konfransda deyib.
“Türkiyə hazırda müxtəlif ölkələrdən 4,2 milyon qaçqına ev sahibliyi edir ki, bunun da 3,5 milyonu suriyalılardır. Beynəlxalq ictimaiyyətin miqrasiya məsələlərində ölkəmizlə daha fəal əməkdaşlığını gözləyirik. Heç bir ölkə təkbaşına bu qədər qaçqını qəbul etmək iqtidarında deyil. Biz Avropa İttifaqını qaçqınlarla bağlı dörd saziş üzrə, əsasən də maliyyə yardımı ilə bağlı öhdəliklərini tam yerinə yetirməyə çağırırıq”, - deyə diplomat bildirib. Onun sözlərinə görə, burada Türkiyəyə 3,3 milyard avronun ayrılmasına dair öhdəlikdən söhbət gedir.
Faruk Kaymakçı, həmçinin deyib ki, indiyədək Türkiyədən Suriyaya 500 mindən çox qaçqın qayıdıb və bu proses gələcəkdə də davam edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin mayında Suriyaya qayıdan qaçqınlar üçün 200 minə yaxın evin tikiləcəyini elan edib. Geri dönən suriyalıların Ankaranın nəzarətində olan təhlükəsiz zonalarda salınacaq şəhərciklərdə yerləşdirilməsi planlaşdırılır. Layihə çərçivəsində 1 milyondan çox suriyalı qaçqın öz vətənlərinə qayıda biləcək.
Xatırladaq ki, 2016-cı ildə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları suriyalı qaçqınları qəbul etmək üçün Türkiyəyə maliyyə yardımını nəzərdə tutan miqrasiya böhranına qarşı birgə mübarizə planı barədə Ankara ilə razılığa gəlib.