Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin üzvləri Gəncəyə səfər ediblər
Gəncə, 25 iyun, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri Gəncəyə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə şəhərin Baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov MÜSİAD-ın üzvləri ilə görüşüb. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyətinin üzvləri Gəncə ilə tanışlıqda maraqlı olduqlarını və yerli iş adamları ilə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Gələcəkdə Türkiyənin Kocaeli şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin qurulmasının da əhəmiyyətindən bəhs olunub. Görüşdə mümkün tərəfdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdən sonra MÜSİAD-nin üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkiblər. Ermənilərin törətdiyi terror aktının nəticələri ilə yerində tanış olublar. Daha sonra Gəncədə çalışan türkiyəli iş adamları ilə görüşüblər.
MÜSİAD-ın üzvləri Qələbə parkında, Gəncə Avtomobil Zavodunda, Azəralüminium MMC-nin zavodunda, Aqrar Universitetdə də olublar.
Qeyd edək ki, qonaqlar gün ərzində sənaye və mədəniyyət müəssisələrinə baş çəkəcəklər.