Türkiyəyə səfər edən Azərbaycan vətəndaşları özlərini vətənlərindəki kimi hiss edirlər
İstanbul, 28 noyabr, АZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbul valisinin hüquq mühafizə orqanları ilə iş üzrə müavini Nihat Nalbant ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına dair səmərəli fikir mübadiləsi aparılıb.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan N.Nalbant diqqətə çatdırıb ki, Türkiyəyə səfər edən Azərbaycan vətəndaşları özlərini vətənlərində olduğu kimi rahat hiss edirlər. Azərbaycanın Türkiyə yanında xüsusi yeri olduğu kimi, onun vətəndaşlarının da yeri həmişə ucadadır.
Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayan baş konsul M.Hacıyev enerji, ticarət, mədəniyyət və digər sahələrdəki əlaqələrin davamlı yüksəlişindən danışıb. Qeyd edib ki, ortaq dil, din, tarix və mədəniyyət xalqlarımızın və ölkələrimizin tükənməz sərvətidir.
Görüşdə, həmçinin Azərbaycan ilə Türkiyənin birgə səyləri nəticəsində həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyəti yüksək qiymətləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul