TÜRKMƏNİSTANDA XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın Türkmənistandakı səfirliyində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, əvvəlcə Azərbaycanın dövlət himni səslənmiş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Elxan Hüseynov erməni işğalçılarının Xocalı şəhərində törətdikləri soyqırımı haqqında ətraflı məlumat vermişdir. Erməni terrorçularının azərbaycanlılara qarşı planlı şəkildə və davamlı olaraq soyqırımı siyasəti həyata keçirdiklərini bildirən diplomat demişdir ki, 1992-ci ilin fevralında Xocalı şəhəri tamamilə yerlə-yeksan edilmiş, yüzlərlə insan, o cümlədən uşaq, qadın və qoca vəhşicəsinə qətlə yetirilmiş, onarlın cəsədləri təhqir edilmiş, əsir düşmüş insanlara misli görünməmiş əzab verilmişdir.
Çıxış edənlər Xocalı faciəsinin vəhşiliyinə və qəddarlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən ən dəhşətlisi olduğunu qeyd etmiş, Xocalı soyqırımına indiyədək dünya birliyi tərəfindən hüquqi qiymət verilmədiyindən təəssüfləndiklərini bildirmişlər. Xocalı qətliamının və eyni zamanda, ermənilər tərəfindən həyata keçirilmiş digər vəhşiliklərin dünya ictimaiyyətinə düzgün çatdırılması üçün səylərin artırılmasının vacibliyi vurğulanmışdır.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar bəyanatı oxunmuş, bəyanatın mətni səfirliyin internet səhifəsində yerləşdirilmişdir.
Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar səfirliyin binasında Xocalı facisəini əks etdirən kitab və şəkillərdən ibarət xüsusi stend hazırlanmış, Xocalı soyqırımı və erməni terrorunu əks etdirən kompakt disklər, o cümlədən “Qaçqınlar”, “Şəbi-Hicran” və “Kədərimiz-vüqarımız” adlı sənədli filmlər nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış materiallar, o cümlədən kompakt disklər, kitablar və bröşürlər, habelə səfirlik tərəfindən türkmən dilində nəşr edilmiş “Bəşəriyyət əleyhinə cinayət” adlı kitablar paylanmışdır.
Bununla yanaşı, Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən mətbuat məlumatı hazırlanaraq yayılmış və səfirliyin internet səhifəsində yerləşdirilmişdir.