Türkmənistanın səfiri: Azərbaycan ilə bütün sahələrdə faydalı əməkdaşlıq edirik
Bakı, 12 oktyabr, AZƏRTAC
Türkmənistanla Azərbaycanın dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun böyük xidmətləri var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov ölkəsinin müstəqilliyinin 32-ci ildönümü münasibətilə oktyabrın 12-də Bakıda keçirilən tədbirdə səsləndirib.
Müstəqilliyini qazandıqdan sonra ölkəsinin inkişaf tarixindən söz açan diplomat bildirib ki, davamlı inkişaf yolunda irəliləməyə başlayan, Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşən Türkmənistan bütün sahələrdə uğurları ilə regionda və dünyada nüfuzunu artırıb.
Ölkələrimiz arasındakı dostluq münasibətlərini və strateji tərəfdaşlıq əlaqələrini qeyd edən Q.Elyasov deyib: “Azərbaycan və Türkmənistan regionda əsas nəqliyyat qovşaqlarındandır. Ölkələrimiz təkcə siyasi və beynəlxalq müstəvidə deyil, bütün sahələrdə faydalı əməkdaşlıq edirlər. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Biz regional layihələrdə də birgə fəaliyyət göstəririk. Türkmənistan-Azərbaycan dostluğu, qardaşlığı bundan sonra daha da möhkəmlənəcək”.